21 Ocak 2016 Perşembe

Maddə 9. Meşə münasibətlərinin subyektləri
Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.
Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.
Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 10. Meşə istifadəçiləri
Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.
II fəsil. Meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ
Maddə 11. Meşə fondu üzərində mülkiyyət
Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.
Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.
Maddə 12. Fiziki və hüquqi şəxslərin ağac-kol bitkiləri üzərində mülkiyyət hüquqları
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac- kol bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.
Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. 

Hiç yorum yok:

Yorum Gönder