21 Ocak 2016 Perşembe

Maddə 5. Meşə münasibətlərinin obyektləri
Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra — meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır.
Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.
Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.
Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir.
Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.
Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri
Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:
  kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;
  dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;
  şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;
  həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.
Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi
Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alğı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir. Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.

Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir.
Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər. 

Hiç yorum yok:

Yorum Gönder